Məişət zorakılığı nədir?

Məişət zorakılığı ailədaxili və ya birgəyaşayış vəziyyətində, yaxud ailəyə bənzər münasibət formalarında baş verən zorakılıq hadisələrini əhatə edir. Bunu nəzərə alaraq deyə bilərik ki, adətən məişət zorakılığı zərərçəkəni dedikdə ərarvad, partnyor və ya keçmiş partnyor, ailə üzvləri, uşaqlar və ya birgəyaşayan şəxslərdən biri nəzərdə tutulur. Dünya səhiyyə təşkilatının yaydığı statistikaya görə məişət zorakılığına məruz qalanların əksəriyyəti qadınlardır. Dünyadakı hər üç qadından biri həyatlarının hər hansı bir dövründə partnyorları tərəfindən cinsi və ya fiziki zorakılığa məruz qalır. Qadın cinayətlərinin 38%-i partnyorları tərəfindən törədilir. Azərbaycanda məişət zorakılığından danışdıqda isə miqyası tam olmasa da, qismən təsəvvür etmək üçün rəsmi rəqəmlərə müraciət edirik. Mən 2010-2016-cı illəri əhatə edən “Azərbaycanda zorakılığın miqyası:qadın qətlləri”hesabatındakı göstəricilərdən istifadə edəcəm.Statistik məlumatlar əlçatan olmadığı üçün son 4 ilin göstəricilərini əhatə etmək mümkün olmadı. Bu hesabata əsasən 2010-2016-cı illər ərzində baş verən qadın qətllərinin 80%-ə yaxını məişət zorakılığı zəminində baş verib. Amma məişət zorakılığı ilə bağlı daxil olan şikayət sayları bu göstərici ilə müqayisədə təəccüblü şəkildə çox azdır. Bu da onu göstərir ki, ya qadınlar bu hallarla bağlı müraciət etməkdən çəkinir, ya da şikayətlər hüquq mühafizə orqanları tərəfindən nəzərə alınmır. Demək olar ki, əksər hallarda hüquq mühafizə orqanları zorakılıq hallarına “ənənəvi düşüncə tərzi” ilə yanaşırlar və ölüm və ya ağır fiziki zorakılıq halları olmadıqda əksər hallarda müdaxilə etmirlər və ya qarşısını almaq üçün preventiv tədbir görmürlər. Buna görə də bir il ərzində məişət zorakılığı ilə bağlı daxil olan şikayət sayı 10-a çatmadığı halda, eyni ildə baş verən qadın qətllərinin 94-ü, yəni ümumi qadın qətllərinin 80%-ə yaxını məişət zorakılığı zəminində olur. Bundan başqa qabaqlayıcı tədbir kimi istifadə olunan mühaifzə orderi də effektiv nəticə göstərmir. Hesabata əsasən 2016-cı ildə qısamüddətli mühafizə orderi ilə sadəcə bir qadın təmin edilib və o da sonradan dəfələrlə zorakılığa məruz qalıb.Bütün bunlar göstərir ki, məişət zorakılığının qarşısının alınmasında əsas maneələrdən biri hüquq mühafizə orqanlarının məişət zorakılığı ilə bağlı şikayətlərə laqeyd yanaşması və qabaqlayıcı tədbirlərin alınmamasıdır. Daha effektiv mübarizə üçün bu rəqəmlərin, baş verən zorakılığın miqyasının bilinməsi çox əhəmiyyətlidir. Bütün bu məlumatlar dövlət qurumları və KİV-dən əldə olunur. Amma qətlə yetirilmiş qadınların dəqiq sayının hesablanması istiqamətində dövlət qurumlarının yaxından əməkdaşlıq etməməsi də əsas problemlərdən biridir. KİV məlumatlarında qadın qətlləri ilə bağlı hər bir hadisənin işıqlandırılmasına zəmanət verilmədiyi üçün, bu sadaladağım rəqəmlərin tam vəziyyəti əks etdirdiyini də əminliklə deyə bilmərik. Məişət zorakılığını yaradan digər bir səbəb isə ənənəvi düşüncə tərzinin cəmiyyətdə hökm sürməsidir. Hələ də içinin hansı dəyərlərlə doldurulduğu məlum olmayan “müqəddəs ailə” modeli anlayışının mövcudluğu, zorakılıq qurbanlarının sayını artıran səbəblərdən biridir. Ailənin müqəddəsləşdirilməsi və bunun əksinə, boşanmanın dramatikləşdirilməsi zərərçəkənlə zorakını nəticəsi nə olur olsun bir yerdə saxlamağa yönəlib.